Digital Marketing Conference – DMC 2017 haqda xülasə


digital marketing conference
Bu gün ilk dəfə ölkədəki marketinq konfranslarından birində – Digital Marketing Conference 2017-də iştirak etdim. Bu haqda bir balaca yazmaq istəyirəm. Xüsusilə çıxışların mətni barədə.

Orxan Kərimov
. Məncə, Orxan Endorphin adından digər agentliklərin də problemlərini biznes adamlarına çatdıra bildi. Xüsusən nəzərə alsaq ki, birinci çıxış idi və məllimlər tədbiri tərk eləməmişdi, deməli, (ümid edək ki) mesaj ünvanına çatdı. Faydalı çıxış idi. Ən gözəl mesaj da aşağıdakı şəkildəki mesaj idi.

Orxan Kərimov - Digital marketing Conference

Orxan Kərimov. Endorphin Agentliyi

Mehriban Həsənova. Pozitiv çıxış idi, amma istəyərdim ki, Mehriban mövzunu tamamilə hashtaglar və onların ətrafında kampaniyaların qurulması haqda eləsin. Çünki, bizdə hashtag ətrafında kampaniyaların qurulması haqda elə ürəkaçan nümunələr yoxdur. Bunların bəzilərini Fərhad Ələkbərovla “Digital marketing Azerbaijan” qrupunda müzakirə eləmişdik.

Sakit Səmədov. Çox adam bəyənməsə də, mənim ən bəyəndiyim çıxışlardan oldu. Bəyənmədilər, çünki hələ də bizdə çox adam digitalization deyəndə sosial media başa düşür, amma qlobal həllərdən xəbərsizdirlər, ya da bu haqda bilmək istəmirlər. Dünyada digitalization deyəndə şirkətlər datanın əldə olunması, emalı, onun şirkətin müxtəlif sahələrindəki biznes proseslərinə tətbiqi, yeni həllərin yaradılması, inteqrasiya olunmuş ERP sistemlərin qurulmasından danışırlar, bizdə isə mövzu ERP, BPM filandır deyə ağız əyirlər. Adam process-oriented biznesdən danışır, hansı ki, bu, yeni digital alətlərlə əldə olunur. Düzü, Sakit bəyə sözünü tam bitirməyə imkan vermədilər, amma düşünürəm ki, ERP və CRM-in inkişaf dövrləri kimi slaydlar haqda çox da danışmasaydı, vaxt çərçivəsinə sığardı.

 

Vaxt elə bunu da oxu: “Magyar Telekom” nümunəsində digital aləmin inkişaf istiqamətləri

 

Emin Vəliyev. Emin bəyin çıxışı əsasən influencer marketinq və Keepface haqda idi. Səliqəli  və sistematik çıxış idi. Diplom işimlə əlaqədar “Keepface” haqda layihənin yaradıcılarından olan Vaqif Abbasovla uzun bir Skype söhbətimiz olmuşdu deyə bu məlumatlar mənimçün yeni deyildi. Amma “Keepface”in bazarın inkişafı üçün elədikləri və eləmək istədikləri bizdə gələcəkdə bu sahənin daha düzgün idarə olunmasına əminəm ki, kömək edəcək.


Şəmsi Bayramzadə
. Şəmsinin çıxışı da çox ardıcıl, sistemli bir çıxış idi. “SuperSun” brendi haqda maraqlı statistik məlumatlar var idi. Söhbətin digital tərəfi bu günümüz üçün aktual mövzu idi. Amma mən deyərdim təəssüf ki, aktualdır. Niyə “təəssüf” deyirəm, çünki Şəmsi və işlədiyi komandanın “SuperSun” brendi üçü vaxtiylə qurduqları digital marketinq strategiyası 2017-nin mövzusu deyil (Səhv başa düşülməsin, iradım Şəmsiyə yox, mövcud vəziyyətədir). Belə bir strategiyanı qurmağı artıq hamı bilməlidir. Yəni bir növ “SuperSun” bunu bilir və uğurla tətbiq edir, siz niyə bilmirsiniz? İnformasiya əsridir axı. Çünki həqiqətən də Şəmsinin çıxışında da bildirdiyi kimi bu gün digital işin məhz bu şəkildə planlama və icraatına (implementation) ehtiyac var. Yoxsa “qaqa, götür bu səhifəni qaldır” deməklə brend tanıdılmır. Amma di gəl məsələ aktualdır və ölkədə biznes mühiti o yerdədir ki, xeyli iş adamı var ki, bir brendin digital strategiyasının qurulması üçün Şəmsinin danışdıqlarından çox şey öyrənməlidir. Gec-tez öyrənmək yaxşıdır, amma bazar bunları 2017-də öyrənməli deyildi, çünki qlobal baxanda 2017-nin trendləri tamam fərqlidir. Bu çıxış da digər brendlər üçün əyani vəsait, bir guideline ola bilər.

 

Rizvan Bağırlı. “McCann Baku”nun art direktoru rəqəmsal mühitdə düzgün qrafik kontentin yaradılması ilə bağlı çox gözəl çıxış idi. Ən bəyəndiyim çıxışlardan oldu. Xüsusilə dizaynerlər bu çıxışın təkrarını izləməlidirlər. Müdirlər, “Loqonu bir z böyük elə” deyən “məllimlər” də baxsalar yaxşı olar. Əsl digital marketing conference adına yaraşan çıxış idi deyərdim.

Orxan Kərimov - Digital marketing Conference

“İt kimi” ©

Ruslan Mirzəliyev / Orxan İsmayılov (“Offside”). Yəqin ki, konfransa gələnlər bu iki gənc haqda indiyə qədər heç nə eşitməmişdilər. Elə mən də. Amma onlar zalı dəfələrlə onları alqışlamağa vadar edə bildilər. Sadəcə sahibi olduqları və bir çoxumuzun tanıdığı “Offside” səhifəsinin özəyində duran kontekstlə bunu etdilər. Əminəm ki, bu çıxışdan narazı qalan qonaq olmadı. Çıxışda sosial mediada sosial məsuliyyətdən tutmuş məsuliyyətli yumora qədər hər şey var idi. Mənə qaranlıq qalan bir nüans oldu. Dedilər ki, biz auditoriyanın sevgisini qazanıb sonra məhsulumuzu satmağa başladıq. Maraqlıdır, onlar başlayanda məqsədləri auditoriya qazanıb, sonra reklam götürmək idi yoxsa eləcə sevdikləri iki şeyi, futbolu və yumoru birləşdirib bir səhifə açmaq istəmişdilər?

 

Tural Yusifov. Dj Tural çox odlu alovlu danışdı. Mövzusu bizdə rəy öndərliyinin (influencerlik) istifadəsi haqqında idi. Bir növ Emin bəyin çıxışının başqa aspektdən davamı idi. Dj Turalın mövzusu yeni deyildi, müzakirə olunmuş bir mövzu idi, amma influencer marketingdən istifadə bacarıqlarının səviyyəsinin çox aşağı olmasına görə bu mövzuda təkrara ehtiyac var deyə düşünürəm. Bir şeylə razı olmadım, Demet Akalının reklam xarakterli paylaşdığı instaqram şəklinə “bu nə şəkildir? keyfiyyətsiz kontentdir” və s. dedi. Şəkil selfie idi və təbii olaraq zəif işıq fonunda bir az keyfiyyətsiz idi. Səhv yadımda qalmayıbsa, Praqada “Socialbakers”in təşkil etdiyi konfransda bir statistika demişdilər ki, internetdə fırlanan kontentin 70-80 faizi low-resolution, yəni aşağı keyfiyyətli kontentdir. Kontekstdən asılı olaraq şəkil keyfiyyətinin yüksək ya da zəif olması yolveriləndir. Amma digər nümunələrdəki əyrilikləri düzgün vurğulamışdı.

 

Aysel Novruz. Məncə, Aysel xanımın çıxışında qeyri-adi və yeni bir şey yox idi. Bu gün feysbukda şəxsi brendinq ilə öz markasını qabağa çəkmək bizdə ən çox edilən şeylərdən biridir.

 

Rəsul Həsənov. Rəsulun mövzusu əla idi. Mənə elə gəldi ki, sadəcə fikirlərini istədiyi formada çatdıra bilmədi və əsas mövzuya bağlaya bilmədi. Bəlkə də buna vaxtı çatmadı deyə belə oldu. Yəni sona yaxın danışdığı texnoloji yeniliklər ki var idi, onları çıxışının əsası olan “dizayn təfəkkürü” ideyası ilə əlaqələndirə bilmədi.

 

Tuğra Şükürova. Tuğra xanım hava marketinqi haqda maraqlı çıxış etdi. Yaxşı statistikalar var idi. Yeni trendlərdən yaxşı nümunələr var idi digital bilboardlar haqda. Mənim statistikaların mənbələriylə bağlı vermək istədiyim sualı zaldan məndən əvvəl səsləndirdilər, amma tam cavab ala bilmədik. Bir də, xanım ADA universitetini təmsil edirdi deyə mənə maraqlıdır ki, hava marketinqini öz işlədiyi sektorda tətbiq edirmi ya edibmi?

 

İmran Bağırov. İmran bəyin çıxışı sonuncu olsa da, çox əla çıxış idi. Tədbirin sonunu gözləməyib gedənlər itirdilər də deyə bilərəm. Data mining və Lean management haqda söhbətlər var idi, hansı ki, mən bu mövzuların böyük həvəskarıyam. Düzdür, bu mövzular bütünlüklə əhatə olunmadı, xüsusilə data mining digital həllər üçün çox əla mövzu olduğu halda İmran bəy daha çox Lean managementin, mükəmməlləşdirmə katasının (bir növ continuous improvement konsepti) digital marketinqdə istifadəsi haqda danışdı daha çox. Kifayət qədər informativ çıxış idi. Yerli bizneslərdə proseslərin optimallaşdırılmasında və s. lean management ideyalarından istifadəyə başlamaq lazımdır artıq. Digital da bundan kənarda qalmamalıdır.

 

Anar İbrahimov. Anar bəyin çıxışı haqda sadəcə Vahid müəllimin emosiyalarını bölüşdüyümü demək istəyirəm. 🙂

 

Çıxışlar haqda bu qədər bəsdir, yəqin ki, çoxdur. Bir az da Digital Marketing Conference təşkilatçılığından danışım, gedirəm yatmağa gecdi )) Təşkilatçılıq yüksək səviyyədə idi, məncə. ASAN könüllülərinin işə cəlb olunmasından tutmuş nahar və kofe-breykə, RFİD dəstəkli biletlərə qədər. Sadəcə fasiləyə çıxanda insanları məsələn 16:30-da zalda olmağa çağırırlarsa, hamının zalda olub-olmamasından asılı olmayaraq tədbir elə 16:30-dan etibarən də davam etməlidir. Çünki bu insanlar biletə pul veriblər, çıxışa gecikməmək onların marağında olmalıdır ki, maraqlı şeyləri ötürməsinlər. Mən ikinci master təhsilimdə (MBA) dərs vaxtı tualetə getmirdim ki, maraqlı söhbətləri ötürməyim. Bu mənim öz təhsilimə olan münasibətim idi. Bu tədbirlərdə də belə olmalıdır. Hərənin öz vaxtına və puluna olan münasibətdə.

 

Digər bir məsələ kimi Milli Marketinq Forumu və bu Digital Marketing Conference kimi tədbirləri hər il təşkil edib mainstream eləməyin tərəfdarı deyiləm mən. Bizim bazar onsuz o qədər böyük deyil ki, hər il maraqlı spikerlərimiz və onlardan da maraqlı keyslərimiz olsun. Bazar heç innovasiyalara da tam açıq deyil ki, bu qədər təqdimata ehtiyac olsun. İntervalı heç olmasa 2 ildən bir etsələr, zənnimcə, bu forumlar daha möhtəşəm, yeniliklərlə daha bol və daha çox gözlənilən olar.

 

Bu abzasa qədər gəlib çıxmısınızsa, sizə halal olsun 🙂 Çox sağ olun ki, vaxtınızdan bu yazıya ayırdınız. Məndən bu qədər. Bir daha təşkilatçılara və spikerlərə, dəvətnamə üçün müdirimə, maraqlı kampaniya üçün iş yoldaşlarıma, maraqlı kiçik söhbətlər üçün çoxdandır görmədiyim tanışlarıma təşəkkür edirəm.

Bir şərh yazın

Kateqoriysı Marketinq

Şərh yaz