Camaatın bloqu və ya yanvar ayının ən yaxşıları


blogger-azerbaijan-january-2016--

Google Chrome-da ən bəyəndiyim cəhət onun extensions adlanan əlavələridir. Mənə xüsusən Pushbullet tətbiqetməsinin, bir də tvitter lentamın oxunmasında çox kömək olurlar müvafiq əlavələr. 3-4 gün əvvəl təsadüfən qarşıma  «SimilarWeb» deyə bir əlavə çıxdı. Ekranda açıq olan saytın statistikalarını bir düymə ilə sizə göstərir. Dedim xeyli xub. Mənə də elə bu lazımdır.  Bu «SimilarWeb»i (rəsmi saytı: http://www.similarweb.com/) bir az eşələdim, gördüm yaxşı funksiyaları var. Eləmədim tənbəllik dedim görüm  bizim bloqçuların statistikaları necədir, görəsən? Alibaba kimi «SimilarWeb» tərəzisinin altına bir mum yapışdırıb getdim facebookdakı Bloqer Azərbaycan qrupundakı qonşuların qapısına. Bəli 3-4 gün əvvəl, çünki son 3-4 gün ərzində bütün fikrimi Macarıstan və Budapeşt haqqındakı200 forint” videobloq layihəmə cəmləmişdim.

«SimilarWeb» əlavəsi keçən ayın nəticələrini göstərir deyə yanvar ayında bloqunda yazı dərc eləmiş bloqçuların bloqlarını bir-bir ziyarət elədim. Hardasa 30-40 bloq idi. Nəticə kimi bir infoqrafika düzəltdim. Qeyd edim ki, infoqrafika “SimilarWeb”in statistikasına əsasən Bloqer Azərbaycan qrupunda son bir ayda yazı paylaşan bloqerlərin təhlili nəticəsində hazırlanıb. Maraqlı bir top 3-lük əmələ gəldi. Şəklə nəzər yetirin, ətraflı izah edəcəm.

Blogger Azerbaijan January 2016

Blogger Azerbaijan January 2016

Statistikaya baxanda aydın oldu ki, İlkin Manafov, Orxan RzayevFəxri Ağayevin bloqunun oxucu sayı digərlərindən fərqlənir. Özü də bir xeyli. Ona görə də infoqrafikanı əsasən bu 3 şəxsin bloqunun statistikası üzərində qurmaq qərarına gəldim.

Yanvar ayındakı oxucu sayına görə İlkin bəy öndədir – 8 min. Saytda qalma müddətinə (14 dəqiqə) və saytı dərhal tərk edənlərin nisbətinə görə (36%) Orxan Rzayev, adambaşına düşən səhifə baxış sayına görə (4.77) isə Fəxri Ağayev öndədir. Qeyd eləyim ki, saytı dərhal tərk etmə faizi nə qədər az olsa o qədər yaxşıdır. Bu minvalla sıfır və birlərdən ibarət olan elektron alqışlarımızı müvafiq olaraq bloq sahiblərinə göndəririk. Bir az özümü də tərifləyim, mənim bloqumun dərhal tərk edənləri faiz nisbəti cəmi 1%-dir.

Kiçik reklamın ardından tvitterlə davam edirik. Twitter aktivliyinə gəldikdə, bütün bloq sahiblərinin tvitter profillərinin analizini eləməyə vaxt  (oxu: hövsələ) çatmadı, ona görə elə ilk üçlüyü müqayisə elədim. Təbii ki, tvitterdə daha çox aktiv olan Orxan Rzayev böyük fərqlə öndədir. Orxanın tvitter statistikası təkcə izləyici sayının çoxluğu ilə fərqlənmir, Orxan həm də izləyiciləri ilə qarşılıqlı ünsiyyətdə olur. Biz buna rəqəmsal marketinqdə “interaction” deyirik. İlkin bəyin statistikası isə ikincidir. Fikrimcə, İlkin bəy tvitterdə bir az da aktiv olsa, daha geniş auditoriyaya çatar. Buna ehtiyacı var ya yox, onu artıq bilmirəm. Fəxri bəy də həmçinin. Qənaətimcə o, tvitterdə bloqpostlarını və bəzi şəkilləri paylaşmaqla kifayətlənir, böyük ehtimal lentaya münasibət bildirmir. Mənim tvitter profilimin də https://twitter.com/turalfot olduğunu yəqin ki, bilirsiz, təzədən qabartmağa ehtiyac görmürəm. )))

İnfoqrafikada tvitterdən sonra “Direct” deyə bölmə görürsüz. Bu bloqların trafikini göstərir, yəni hansı nisbətdə oxuyucu sevimli içkisini qabağına qoyub həmin bloqun ünvanını brauzerə yazıb daxil olub və yazıları oxuyub. Qısa şəkildə desəm, o kəslər ki, daimi oxucudur və müəllif yeni yazı paylaşmasa da, bloqa baş çəkir. Statistikadan göründüyü kimi Orxanın bloqunun daimi oxucuları böyük pors latte makiato ilə müqayisə edilə bilər. Bloqun trafikinin 39.86%-i həmin oxuculardır. Fəxri bəyin oxucularının statistikası daha çox 250 ml-lik enerji içkisi ilə uyğun gəlir – 26.85%. Rəqəmlərə əsaslansaq İlkin bəyin daimi oxucu statistikasının payına bir armudu stəkan çay düşür – 9.68%. Məni qınamayın, «SimilarWeb»-in yalançıısyam, ay tova )))) Mənim bloqumda bu göstərici 6.98%-dir. Yəni çayı nəlbəkidə içirlər.

Növbəti statistika bloqlardakı oxucuların dünya üzrə səpələnməsidir. Burda elə də gərgin mübarizə yoxdur, əksər oxucular Azərbaycandandır. Bir az Fəxri bəyin sttaistikası daha şaxələnib. Üfüqdə 16%-lik Britaniya aktivliyi görünür. Amma o Polşadakı bir nəfər kimdisə Orxanın hansısa yazısını oxumağı yaddan çıxarıb, deyəsən )) Son sətir də diqqətə layiqdir.

İnfoqrafikanın sonunda isə aylıq baxışı mindən yuxarı olan bəzi bloqları sıraladım. Sizin bloqunuz bu siyahıda yoxdursa (mən də yoxam, narahat olmayın) bunun 2 səbəbi ola bilər:

  1. aylıq oxucu sayı mindən azdır,
  2. hansısa səbəbdən «SimilarWeb» həmin bloqun statistikasını əldə edə bilmir.

Nəzərə alın ki, bu «SimilarWeb»in statistikasıdır və heç də 100 faizlik dəqiqliyə sahib deyil. Məsələn, WordPress-in statistikasına əsasən mənim bloquma yanvar ayı ərzində 1411 baxış olub (1096 nəfər), amma “«SimilarWeb»” statistikasında 500 göstərir. Adambaşına düşən səhifə sayı isə müvafiq olaraq 1.29 və 1.00 kimi fərqlənir.

Və s., əziz oxucu və bloqçu. Budapeşt vaxtı ilə 00:38-dir. Səhər #200forint-in yeni çəkilişləri olacaq. İstirahət edim gərək. Siz isə bunu Bakı vaxtilə 10:00-dan sonra oxuyacaqsınız. Ümid edirəm ki, nəlbəkiyə kofe, enerji içkisi və armudu stəkandakı çay da qoşulacaq J

2 Şərh

Kateqoriysı Ümumiyyətlə,

Camaatın bloqu və ya yanvar ayının ən yaxşıları” üçün 2 cavab

Şərh yaz