Hərdən hər şey qəribə gəlir. Baxdığın şeylər, gördüklərin. Olur ki, qulağımın öyrəşdiyi sözləri də təkrarlaya-təkrarlaya qalıram: “Qırmızı, qırmızı, qır… mızı… mız… ı… Bu 7 hərf yığını necə yaranıb? Bu rəngə dəxli nədi?!” Olur ki, şəhərdə hər 10 oğlandan 7si gördükləri qızın arxasıyca çönüb baxanda mənə qəribə gəlir, ya da mən yanımdakılara “nəyə çönüb baxırsız deyəndə?” onlara qəribə gəlir. Ya da yanımdan hansısa tanımadığım bir qız keçəndən sonra başqa bir şeyə çönüb baxanda hər 3 tərəfə boylanıram ki, ətrafdakılar elə bilməsinlər qız dalıyca baxıram, bu da özümə qəribə gəlir. Olur özüm də özümə qərib gəlirəm. Hərəkətlərim. Davranışlarım. Hərdən asanlıqla yox deməyim, qarşısındakının qəlbini qıracağına baxmayaraq. Yox deməliyəmsə bununçün səmimi bir yalan deyirəm. Və ya başqa, əvvəl məni dinməz biri kimi tanıyırlar. Sonra görürlər ki, deyib-gülürəm. Ardıyca məni səssiz görəndə nə olduğunu soruşurlar. Qəribədi.
Olur ki, tanışlarım mənə qəribə gəlir. Dostlarım yoxdu. Tanışlarımı deyirəm. Biri mənə məktəb vaxtı sinfin pulunu necə fılatdıqlarından fəxrlə danışır, biri özündən danışır, biri özüylə əlaqəli başqalarından danışır, biri də başqalarından. Olur ki, məndən danışan da olur. Qəribədi. Hərdən özümü antidepressant kimi hiss edirəm. Bezdiyimi bilə-bilə oturub qulaq asıram qarşımdakına. Qorxuram, qəlbi qırılar başımdan eləsəm. Amma demişdim axı, hərdən qəlb qıracaq formada yox deməyim də var. Qəribədi.
Hərdən insanlar sənə dəyər verir. Hərdənsə fikriləşirsən: “Hmm… görəsən insanlar mənə dəyər verir?” Olur ki, vətənpərvər damarın tutur, bayraq, dövlət, millət, milliyət. Amma hərdən dövləti də söyürsən, içindəki insanları da, hökuməti də, içində oturan nazırləri də. Nə yalan deyim, ölkəmi söyməmişəm. Söyənlərə də qəribə baxıram. Ölkə ki, torpaq parçasıdı. Ağacın kəsəndə yaxşıdı, biri səndən əvvəl kəsib sənə bir şey saxlamayanda tüpür getsin?! Nəysə, qəribədi.
Olur ki, kiminsə gözü yol çəkəndə ona “niyə qulaq asmırsan mənə?” deyirsən. Amma sonra başa düşürsən ki, indi də sənin gözün yol çəkir və sən az əvvəlki söhbətdən heç nə eşitməmisən. Hərdən qəbul etdiyin prinsipləri tapdalamaq adama ağır gəlir, mən belə deyiləm deyirsən. Sonra eqon köməyə gəlir. “Niyə həmişə başqalarını düşünməliyəm?!” – deyirsən. Olur ki, prinsipləri atırsan bir qırağa. Qarşına prioritetlər qoyursan. İlk ruh düşkünlüyündə, hövsələsizlikdə onu da atırsan bir qırağa. Və deyirsən spontan yaşayacam. Amma olmur, planlaşdırılacaq zadlar gəlir çıxır qarşına. Kiməsə hə, kiməsə yox deməlisən. Gələcəm yoxsa gəlməyəcəm. Edəcəm yoxsa etməyəcəm. Ən əsası – bezəcəm ya bezməyəcəm. Olur ki, planlarını pozan planların da olur, amma bu planın planlı plan olub-olmadığını bilmirsən. Qəribədi.
Ən qəribə bilirsiz nədi? Dayandığım yerdə açdım bu ağ səhifəni. Başladım yazmağa, ağlıma ilk gələnləri. Elə bil bir yazıçı kimi, ağlına gələn hər fikri qeyd edirsən bir yerə. Əvvəlinə baxmırsan. Amma indi mən bilmirəm bu yazının axırı hara gedib çıxacaq. Qəribədi.
Qabriel Qarsiya Markez deyir ki, bir romanı başlamaq hekayəni başlamaqdan asandı, çünki hər dəfə hekayəyə başlayanda yenidən başlamalı olursan. Olur ki, hər dəfə yenidən başlamaq istəmədiyindən bir dəfə başlamaq, aidiyyatı oldu-olmadı davam eləmək istəyirsən. Hərdənsə bir dəfə başlamaq istədiyin şeyi başqa vaxt, başın dinc olanda başlamaq istəyərsən. Amma bilirsən ki, ona qədər hər dəfə başqa nələrəsə başlamalısan. Çox başlamlısan. Hər dəfə təzə ağ vərəq açmalısan. Oldu mürəkkəb-qələm, olmadısa barmaqların gəzişməlidi düymələr üstündə. Qəribədi. E-kitab oxumağı xoşlamıram, amma yazma məsələsinə gələndə qələmə qətiyyət göstərmirəm. Bəlkə də yazanda monitora baxmıram deyə.
Hərdən olur ki, indi kimi yazdığın sətri silib yerinə bunu yazırsan. Sonra da fikirləşirsən nə yazım.
Sessiya deyirlər adına. Oturub oxuyuruq. Kim bilir neyçün hazırlaşırıq bu sessiyayalara? Məllimləri yola verməkçün yoxsa dərsləri, bəlkə həyatdı da onu yola veririk. İndi biz öyrənməkçün hazırlaşırıq bu imtahanlara yoxsa sadaladıqlarıma görə?! Qəribədi. Amma bircə onu bilirəm ki, 1-ci kursundan tutmuş 4-cü kursda oxuyan ən yaxşı tələbə belə sessiyanın tez qurtarmağını istəyir. Məllimlərəsə nə qədər gec qurtarsa bir o qədər sərf edir, üstəgəl imtahan sayı çox olsa. Tərsə düşüb ya nədi?! Qəribədi. Almanın qurdlu yerini dişləyib tulladığım kimi bu məsələdə də tələbə-məllimləri dişləyib tullasam görəsən dəyişiklik nədə olar? Universitetlərin xərcləri az olar, yoxsa otaqları?
Fiziki görünüşcə insan dik dayananda ən öndə olan orqan ayaqlar, daha dəqiq ayağın baş barmaqları olur. Azərbaycanda orta statistik polisdə ayaq baş barmağını qarın əvəz eliyir. Qəribədi. Reallıqdasa qanunauyğunluq.
Olur ki hərdən ümumiləşdirmədən qaçırsan, hamını mühakimə eləmək istəmirsən. Amma dözməyəndə olan olur. Ümumiləşdirirsən. Olur ki, universitetdə bütünlüklə “bu qrup qrup deyil” də deyirsən. Amma yenə də həmin an nifrət elədiyin qədər başqa vaxt sevirsən də qrupunu. Hərdən həvəslə girişirsən hansısa işə,məsələn, sevdiyin bir işə ya da ictimai fəaliyyətə, həvəslə davam eliyirsən, nəticə olmayanda bir az heyfslənirsənsə də, bir az boş verirsən türkiyəlilər demiş. Amma nəticədə zəhmətin də getmiş olur itməsə də. O gündən ki, başladığın iş tələb ya da məcburiyyət oldu, nəticəsinin sənə verəcəyindən asılı olmayaraq həvəsin sındığı birinci seminarda tribunadan salırsan, deyirsən keç otur mənim mühzirələrimə qulaq as. Öz mühazirələrinə isə özün qulaq asa bilmədiyindən sadəcə lazımlı bilirsən. Ya da icbari. Universitetdəki kimi. Uzağı bir xeyri dəyməyəcək. İnanmırsan ki, bir ziyanı da dəyə. Amma bilmirsən dəqiq necə qutaracaq. Qəribədi.
Olur ki, bax indiki kimi, yarımçığını davam elətdirmək üçün oturursan. Əvvəl yazdıqlarını nəzərdən keçirib yazmaq istəyirsən ki, evdən çağırırlar: “Gəl köməy elə düşbərə bükməyə”. =) İnanın bu yazıda smaylik qoymaq heç istəməzdim, amma yaza-yaza dodağım qaçdı. Üstəgəl bütün auranı pozdu. Qəribədi. Nəysə… Qayıdanda isə eyni həvəslə davam eləmək!
Xüsusi günlər olar. Xüsusi nəsə hiss eləmək istəyərsən. Nəticəsi boş olar. Başqa günlərdən fərqi bir-iki cümlədə olar, bir də beş-altı mesajda. Amma elə adi günlər olar ki, içindəki cümlələri də həmişəki olar, mesajları da əskik, amma nəsə olar, içini deyirəm, içində nəsə olar. Fərqli bir şey. Xüsusi saydığın günlərdə belə olmayanlar. Evə qayıdanda ən gözəl günlərdən biri olduğunu düşünərsən. Sadəcə bilmirsən niyə. Bildiklərimizi demirəm. Həmin gün tipli başqaları da olur, amma istədyini verə bilmir. Həqiqi deyirəm, qəribədi.
Və olur ki, ürəyində yazını xoşuna gələn bir nəfərə həsr edirsən, onu düşünüb, nəzərdə tutub yazırsan, o oxusun deyə. Əlavə edirsən: “İndi o bunu oxuyanda gülümsəyir”.
Yarı yalan yarı gerçək!!!








Şərhlər