Sentyabrın 1-dir. Kalendar üzrə 62 gün keçib. Gəlməyimdən 52 gün keçib. 52 həftənin 52 günü. Hələ qərar verə bilməmişəm vaxt tez keçir ya yox, gün tez çıxır ya yox, gec batır ya yox. Öyrəşmişəm. Səhər günəşdən tez dururam, evdəkilərdən də tez dururam, dost-tanışdan da tez dururam, axşam mülkidəki hamıdan tez yatıram. Fikirləşməyə çox vaxt olmur, yazanda da bu qədər yazıram.
Sentyabrın 21-di. Kalendar üzrə 283 gün qalıb. Havalar sərindi, hətta soyuqdu, burdakı insanlar kimi. Sivilizasiyadan kənar kimi yerdi buralar. Təpələr, düzənliklər başqalarından tam fərqlidi. Hər kvadrat metrində başqa batinka izi, başqa hadisə, başqa tale var. Burda otlar – ağaclar insandan daha çox görüb. Əsgərlər çox variant bildiklərini fikirləşir, amma ağaclar daha çox sirli, gizlin variantlar bilir. Bakıda heç bir səkiyə burdakı yol qədər daban dəyməyib. Buludlar belə zarafat eləməyi bacarmır. Küləyi günəşi ilə yola gedə bilmir, dağlarının zirvəsi buluduyla yola getmir, əsgəri çavuşuyla, çavuşu komandir, komandiri kombatıyla yola gedə bilmir. Tək dözə bilən ətrafdır. Dünya tərsinə fırlanır burda. Solaxaya çevrilsən Təəccüblənmə. Həyat solaxaydı burda.
Dünəndən dərsdə dərəyə düşüb tonqal yandırırıq. Çılı – çırpı tapıb yandırıb istisinə isinirik. Heyif sayımız azdi deyə maraqlı söhbət getmir. Amma sevinirəm ki, istisinə isinə bildiyim nəsə var, o ocağa mən də köz qoyuram.
Sentyabrın 22-di. Kalendar üzrə 84 gün keçib. Səbr sıxsan, saba-birigün 100 gün olur. Hava qızıb artıq. Bayaq dərədə uzanmışdım. Sakitliy idi. Pərdə kimi nazik, seyrək buludlara baxanda ancaq hərbidən kənar nəsə fikirləşmək olur.
Bura elə yerdi ki, istədiyini fikirləşmək belə olmur. Elə bil kodlaşdırılıb proqramlaşdırılmışam, hərbidən kənar nəsə fikirləşə bilmirəm. Ancaq yoldaşlarla söhbətdə hansısa yemək, hansısa hadisə, nəsə başqa bir şey yada düşər. Yaddaş qatilidi hərbi xidmət. Ev telefonumuzun nömrəsini yaddan çıxartmışdım bir ara, xoşladığım mahnıların nəinki sözləri, özləri, adları da yadımdan çıxıb. Buranın suyundan yazım. Krantlara gələn suya qara su deyirlər. Mineralla boldu deyə insana ziyanı çoxdu. Deyilənə görə, ağ parçanı qara su olan qaba atsan, 5-6 dəqiqə sonra parça qaralmağa başlayacaq. Biz o suyla əlimizi-üzümüzü yuyuruq (o da olanda), dişimizi yuyuruq, çimirik, hələ səhər-axşam yeməkxanada yeyib-içdiyimiz yemək-çay da o sudan hazırlanır. Adamın qarnını pozur bu su, qızdırma verir (qaynanmamış), day nə bilim min hoqqa. Amma öyrəşən öyrəşib içir. Saçı da tökürmüş, amma bu məni narahat eləmir :) Əsas dişlərimdən ehtiyatlanıram. Soruşsaz ki, necəyəm, həmişəki kimi BaBaT deyəcəm. Məncə burda yaşanan ömür ayrıca yazılmalıdı, adi həyatdan qıraq – “Dünyanın mərkəzinə səyahət” filmindəki dünya kimi. Bir fərqi var, o filmdəki dünyada heç olmasa bir şəfalı bitki var idi, burda şəfalı heç nə yoxdu. Şəfasından iraq.

