İqtisadiyyatda belə bir anlayış var, tələb-təklif. Bu anlayışı əsasən iqtisadiyyatçün istifadə olunur. Amma çox sahədə bundan istifadə oluna bilər və olunur. Normal qəbul olunur ki, tələb varsa təklif də var. Tələb olmalıdı ki, təklif də olsun. Yəni hər şey alıcıdan asılıdı, onun istəyidi əsas. İqtisadiyyatda “təklif” variantı da var. Mən özüm İqtisad universitetində oxuyuram, ixtisasım bilavasitə iqtisadiyyatla əlaqədar olmasa da, mənə iqtisadi nəzəriyyə fənni keçilib. Üstündən bir il keçib, çox lazım olmadığından dəqiq yadımda deyil təklif nəzəriyyəsini kim irəli sürmüşdü, amma deyilirdi ki, bazarda təklif əsasdı. Təklif hər şeyi tənzimləyir. Deyəsən, sonra bunu təkzib edirlər. Amma belə bir deyim də var ki, müştəri həmişə haqlıdı. Deməli, tələbdi əsas. Tələb təklifi müəyyən eliyir. Fikirləşməyin ki, iqtisadiyyatdan danışıram bayaqdan. Həyat özü yekə bir bazardı, hamı nəsə alır, hamı nəsə satır, kimlərəsə isə nəyisə dürtüşdürürlər, onlar da alır. Dediyim kimi bu tələb-təklif anlayışı hər sahəyə aiddi.
İndi bu yekə bazarın kiçik bir konteynerinə nəzər salaq – Azərbaycana. Bizdə o dəqiqə hiss olunur ki, təklif əsasdı. Əvvəl təklif gəlir, sonra tələb. Özü də bu təklif dürtüşdürülənlərdəndir. Kimsə razılaşmaya bilər, amma mən gördüklərimdən yazacam. Baxın, qış ayında dondurma yemək normal hal deyil (ziyanı cəhətdən, bir az da axmaqlıq deyərdim). Qış ayında dondurma satmaq isə əməlli-başlı anormal haldı, mötərizədəki “axmaqlıq” sözünü daha sərt formada buna aid eləyirəm. Amma bir dəfə də dediyim kimi, bizdə hər şey bir başqa cür qəbul olunub, başa düşülür və icra olunur. Gəlirəm təklif məsələsinə, amma burda dondurma satanları axmaq yox ağıllı kimi görürürük. Deməli, bu dondurma satanlar qış vaxtı Tarqovı deyilən küçədə özünü bu küçədə gəzməklə mədəni, elit sayan insanlara dondurma təklif edirlər. Elə ordaca doldurulan rəngarəng olanlardan. Belə olanda da bizimkilər qaçıreeeee təklifə. Elə bil görmüyüblər, yoxsa elə bil yayda yeməyəklər. Bu dürtüşdürülmənin birinci nümunəsi. Yedilər. Sonra dəbə baxın, geyimlərə baxın. Tələb yoxdu nə mala, nə də qiymətə. Dükanlara nə gətirildi onları almağa məcbursan, qiymət də ki öz yerində. 2-3 üç il əvvəl futbol oynadığın keta ilə şəhərə çıxsaydın çuşka deyərdilər, kənddən gəlib deyərdilər. İndi dükanlar bizə şəhərə geyinməyə keta təklif eliyir. Özü də təklif olunan hər şey də alınır bu sektorda. Sabah dükanlarda ancaq minidən də qısa ətəklər, qısadan da qısa köynəklər satılsa, bizim özünü “modnu” sayan insanlar iki gün əvvəl geydiklərini özlərinə sığışdırmayıb gedib həmin şeyləri geyəcəklər. Dəbdi axı, ayıbdı köhnələri geyinmək. İndi də dürtüşdürürlər, hələ dürtüşdürəcəklər də. Yeyilir də, yeyəcəklər də.
Biz axtarmaq istəmirik, hər şeyi hazır istəyirik. Bizə təklif olunan natəmiz şəkildə hazırlanmış ilk dönəri alırıq. Təklif nədisə odu. Biz sadəcə tələb eləməyi bacarmırıq! Kifayətlənirik. Rahatca sırıyırlar nə gəldi. Bizə artıq neçə illərdi ki dərs öyrətmək həvəsində olan yox, pul qazanmaq həvəsində olan müəllimlər təklif eliyiblər, biz də qəbul eləmişik. Amma sonra deyirik ki, təhsil sistemimiz pisdi. Nə vaxt tələb elədiz ki? Məncə, bizim təhsilimizə pul qazanmaq üçün dərs deyən müəllimlər yox, nəsə öyrətmək istəyən müəllimlər lazımdı. Buna görə də gərək vicdan tələb eləyək. Bizə təklif olunana göz yummayaq.
Biz hələ heç azadlığımızı tələb eləmirik. Bizə nə qədər azadlıq təklif olunursa, qane oluruq. Hələ görəsən təklif olunan azadlıq sayılır? Əgər sayılmırsa niyə tələb olunmur? Əgər sayılırsa, deməli, heç tələb də olunmayıb. Bizə hüquqlarımızın bir hissəsi təklif olunur, hüquqlarını bilməyənlər isə qalanını tələb eləmir, hətta əlində olan hüquqları tapdalananda belə. Bu həm də bizim öz hüquqlarımızı yaxşı bilməməyimizdən irəli gəlir, bəs bilsək? Onda da tələb edəcik? Tələb edə biləcik? Biz ki hüquqlarımız tapdalananda hüququmuzu tələb etmək əvəzinə, onu rüşvət təklif edib almağa öyrəşmişik.
Bizə rüşvətxor hakimlər, məhkəmələr təklif edilir, biz də onlar istəməmiş onlara rüşvət təklif eliyirik, səviyyəsiz şoular, müğənnilər təklif edilir, biz ciddi musiqiyə tələbi lazım bilmirik, yaslarda banan-kivi, hətta çadıra qapı təklif edilir, bir azdan araq-çaxır da təklif eliyəcəklər, bizə mənliyi satıb onlar kimi olmaq təklif olunur, susub danışmamaq təklif olunur, “panyatka”lara əməl etmək tələb olunur bizdə gözüm üstə deyirik. Bizə edilən təkliflərə və bizə qarşı olan tələblərə alternativləri həm təklif edə bilmirik, həm də tələb edə bilmirik. Amma Milli Məclis hər iclas bir təkliflər paketi irəli sürür. Milli Məclis qədər də olmadıq.
Yarı yalan yarı gerçək!!!





Şərhlər