de gəlsin

Nitşe deyilən bir kəs var, məşhur bir kəs. Kitab oxumağı xoşlayanların əksəriyyəti onun haqda ya eşidib, ya oxuyub, ya da oxumaq niyyətindədi. Yox, elə bilməyin mən kitabqurduyam, həyatımda cəmi-cümü 5-6 kitab oxumuşam. Amma oxumağa həvəsliyəm, bu dəqiqə əlimə maraqlı bir kitab düşsə oxuyaram. Nəysə, mövzum nə kitabdı, nə kitabqurdları, nə mən, nə də Nitşe. Mütləq mətləb Nitşenin dediyi bir cümlədi. Kişi rəhmətlik (dəqiq bilmirəm rəhmət düşür ya yox) deyib: “Mən deməsəm heç kəs deməz”. Deyəmmərəm, onun ağlına bu cümlə Nyuton kimi başına alma düşəndə gəlib ya yox, amma əla deyib. Kim deməsə heç kəs deməz? – Mən! Bir az eqoist yanaşma kimi görünsə də, əslində eqoluq bir şey yoxdu. Kaş ki hamı bu cəhətdən eqo olaydı. Avropa (digər inkişaf etmiş ölkələr) bu cümləni dərk eliyib artıq. Ürəklərində saxlamırlar, deyirlər, gözləmirlər heç kimi. Sözdüsə söz, cümlədisə cümlə, Etirazdısa etiraz! Bilirlər ki, başqasını gözləyincə çox şey itirmək olar. Gecikmək qəbul olunmazdı.

Amma biz…

Düzdü, atalarımız deyib ki, tələsən təndirə düşürmüş. Ancaq gecikəndə də təndirə düşmək tələsməylə başabaş varinatdı. Bizdə Nitşenin cümləsi işləmir! Necə yəni birinci de?! Olmaz?! Risk eləmək olmaz! Bizdə hamı  fikirləşir: “Görəsən, etiraz elsəm, qarşı çıxsam, birinci mən səsimi çıxarsam tərəfimi saxlayan çıxar? Yo heç kim olmasa demərəm. Qoy birinci başqası desin, görüm ona necə reaksiya verəcəklər?!” Bəlkə də bəlamız da bundadı. Hamı birinci olmaqdan qorxur bu məsələdə, amma başqa şeydə birinci olmaq istəyir. Demir çünki fikirləşir niyə üz-göz olsun ki kiminləsə? Qoy elə otursun sakitcə, saxlasın ürəyində. Başqası qoy deyir desin, özü pis olacaq.

Bir-iki misal çəkəcəm. Deməli, mənim 1ci kursun yay sessiyasında birinci imtahanım ingilis dilindən idi. Ən qabağda, məllimənin stolu qarşısında oturmuşdum. Telefonlarımızı yığıb qoymuşdular həmin stolun üstünə, mənimki də daxil. Bir də gördüm qrup yoldaşımdan mənə zəng gəlir. Əlimi atıb telefonu götürdüm, dedim ki, bəs Azad həmişə dərs keçdiyimiz otaqdayıq, gəl 141-ə. Asistent bunu görən kimi mənim vərəqimi əlimdən aldı, kişi idi. Amma biletlər paylanmamışdı. Dedim ki, məllim köçürdüb eləmirəm ki, özünüz də eşitdiz ki, otağın yerini deyirdim. Kişi saldı tərsliyinə, mən də gördüm mərdimazarın biridi saldım dilimin şirin yerinə. Ardıyca qrup yoldaşım Elvin özünə əmin şəkildə “Məllim o neynədi ki?! Heç nə eləmədi!” – dedi. Kişi ona sən öz işinlə məşğul ol dedi. Ardıyca Aydın “Hə də məllim, o heç nə eləmədi ki” dedi. Birinci semestr əlaçı olmadığıma və bu sesiya ilk imtahan olmağına baxmayaraq məliməmiz də mənim əlaçı olduğumu deyib vərəqimi almaq istəyirdi. Sözsüz, sakit oturub, özünü xataya salmaq istəməynlər də var idi, onsuz mənə görə dəyməzdi yəqin, bilmirəm. Məcbur da deyil, haqları çatır buna. Deyilən deyilmişdi artıq, artıq ilk səsin çıxaran var idi, nəticəsi də oldu. Kişi vərəqi qaytardı. (Hamıya çox sağ ol=) ).

Digər nümunəyə keçirəm. Mən İqtisad universitetində oxusam da ixtisasım beynəlxalq münasibətlərdi. Buna görə bizə iqtisadi fənləri az keçirlər. İkinci semestrdə bizə İqtisadi nəzəriyyə fənni keçildi. Bir kommunist kişini bizə məllim verdilər. Maraqlanan olsa adın deyərəm, yazmaqdan çəkinmirəm, sadəcə olan olub, keçən keçib. Bu kişi bizə bizim ixtisasa uyğun olan proqramdan dərs keçməkdən gedib götürüb Beynəlxalq İqtisadi Münasibətlər ixtisasının proqramını, başladı dərsləri bizə fəsil-fəsil yükləməyə. Hər fəsildə də 3-4 paraqraf dərs, özü də bizim ixtisasçün ağır sayılır həmin dərs. Əslində bizə keçilməli olan proqramda hər fəsildən 1 ya 2 paraqraf keçilməli idi. Semestrin sonuna çatanda bu kişi xəbər tutdu ki, proqramı çatdıra bilmir. Rəhmətliyin oğlu, çatdırmazsan da, BİM ixtisasında oxuyanlar o az qala 1 kq çəkisi olan kitabı 4 semestrə öyrənib qutarırlar. Başladı tələm-tələsik keçmədiklərinin hərəsindən 1-2 cümlə dınnqıldatmağa. Seminarları da mühazirə elədi ki, çatdırsın yenə çatdırammadı, bilə-bilə ki proqram ayrıdı. Bura qədər məsələnin bir hissəsi. Bu kişi bizə imtahan sualların verəndə gördük ki, sualların çoxunu keçməmişik. Özünə də deyəndə özündən çıxıb deyirdi ki, keçmişəm hamısını. (Haşiyə: Dəlinin biriydi, hər dərs təhqir eləyirdi bizi, mən də əlimə imkan düşən kimi bunu sındırmağa çalışırdım. Fikir verin bu adam deyirdi ki, rəqabət latın sözüdü. Mən deyəndə ki ərəb sözüdü, mənə dedi ki, sən hansı ədəbiyyatdan oxumusan onu? Onda qrupun əksər uşağı dedi ki, bəs ay məllim bizim dildə əgər sözlərin tərkibində həm incə, həm qalın sait varsa bunlar ərəb-fars mənşəli sözlərdi. Yoxee bu kişi bizə tupoy deyib israrla iddia elədi ki, yox latındı. Sən işə bax, latın dilində Ə hərfi varmış. Bir dəfə də iqtisadçı Adam Smit`in adının tələffüzündə səlyanlılara ilişdi, mən də səlyanlı olduğumdan hündürdən – Noolub ki səlyanlılara? – soruşanda, özünü yığışdırdı. Biz onu ha başa salmağa çalışdıq ki, sənin fənnini uşaqlar zəif öyrənirsə, bu o demək deyil ki, biz savadsız ya da tupoyuq. Hələ ona misal da çəkdik ki, 1ci semestr son imtahandan (Diplomatiyanın əsasları) 10 nəfərdən çox uşaq 5 alıb. Nəysə!). Uşaqlar da, içi mən qarışıq məcbur olub kitabın hər dərmə-deşiyini oxumalıydıq ki, sualları tapaq. Mən dözmədim, qrup başçımıza dedim ki, mən gedib dekanla danışmaq istəyirəm, mənimlə gələrsən? Dekan onu yaxşı tanıyırdı, prezident təqaüdçüsüdü. Razı olmadı, mən də Aydına deyəndə o razılaşdı. Getdik dekanımız Müzəffər məllimin yanına. Qrupumuz adını öyrənib əvvəl imtahan cədvəlimizə baxdı, sonra sözü bizə verdi. Mən başladım məsələni ona izah eləməyə. Gördüm ki, başa düşür məni. Hətta mənə dedi ki fakültənin ictimai işlərində niyə itirak eləmirsən. Deməli, bizim yanımızda İqtisadi nəzəriyyə kafedrasının müdirinə zəng eləyib bizimlə maraqlanmalarını tapşırdı. Biz də qrup rəhbərimizlə getdik. Əslində mən onun özüylə danışmaq istəyirdim, amma zəng eləyib məllimimizi cağırdı. Başqa yaşlı nəslin nümayəndələri kimi bu kafedra müdiri də sözü tələbənin ağzında kəsməyi xoşlayır, iki kəlmə deyən kimi sözümü kəsirdi. Məllim gəlib içəridə məni görəndə demoqoq damğasını üstümə vurub söhbətə başladı. Axırda razılaşdırdıq ki, bəs bəzi sullar dəyişsın heç olmasa. Keçdik yan otağa. Oturduq danışdıq məllimlə, bəzi çətin sulları çıxartdıq. Sonra konsultasiyada görüşüb çıxardığımız sulların yerinə keçdiyimiz sulları deməliydik guya. Amma imtahana bir gün qalmış bizə dedi ki, başqa yerdəyəm, konsultasiya olmayacaq, nə də suallar dəyişməyəcək. İmtahan günü isə bizə verdiyi sullardan da fərqli suallar düşdü. Heç kim də etiraz eləmədi, bəzi 2-3 nəfər dediksə də bunları keçməmişik, xeyir eləmədi. Əslində rektora desəydik ki, keçmədiyimiz suallar var, imtahan ləğv olunardı. Amma yenə də “ləğv olunmaz birdən” qorxusu üstün gəldi. Bəlkə də axıra kimi getmədik, içi mən qarııq qorxduq. Amma bacardığımızı eləmişdik. Biz imtahana bir gün qalmış “Suallar dəyişməyəcək” cümləsini eşidəndə sınmışdıq. Nəticəni də deyim, həmin sullara görə mən sonda 3 aldım ard-arda 5 dənə 5`dən sonra.

  • Biz uduzduq!
  • Biz qorxularımıza güc gələ bilmədik!
  • Biz “Biz deməsək heç kim deməz” deyə bilmədik!
  • Biz bacarmadıq əslində!

Amma hər şeyə də necə gəldi etiraz eləmək, özünü ortaya atmaq lazım deyil. Kor-koranə etirazdan bir şey çıxmaz. Yalnız əmin olduğumuz şeylərə. Tələbəlikdə bu bir az riskli işdi, çünki etiraz edən tələbəni məllimlər “demoqoq” adlandırır, kafedra içində hörmətdən salırlar. Əsasən də yaşlı məllimlər. Azərbaycanda haqqını tələb edən tələbəyə demoqoq deyilir. Amma məncə risk eləməyə dəyər sonunu, nəticəni bilmək üçün.

Bir məsələ də var – başqası birinci olub nəsə xeyir tapsa, o dəqiqə deyiəcək: “Göreee, nəttər üzlü,demoqoq adamdı”. Bir şeyi unudurlar – haqqa tərəf bir şey üçün deyilməli nəsə varsa gözləmək olmaz, tərəfdar bir nəfər də olsa çıxacaq. Azərbaycan hələ o gündə deyil ki, haqqa tərəf çıxan bir nəfər tapılmasın. Təəssüf hələ də çoxu başa  düşmür ki, həqiqətən də mən deməsəm heç kəs deməz. Hər şeyə birinci özümüzdən başlamalıyıq. Haqqın tərəfindəyiksə tərəfdar tapılar ən kiçik şeyçün belə.

Nitşe qələt eliyib, biz deməsək də kimsə deyər

Yarı yalan yarı gerçək!!!

Cavab qoy